BAKI, 23 fevral. TELEQRAF
İslandiya hakimiyyəti geosiyasi gərginliyin artması ilə əlaqədar Avropa İttifaqına (Aİ) üzvlük prosesini planlaşdırılandan daha tez başlatmağı düşünür.
Teleqraf xəbər verir ki, bu barədə “Politico” məlumat yayıb.
İslandiya hökuməti üzvlük prosesini 2027-ci ilədək başlatmağı planlaşdırsa da, ABŞ Prezidenti Donald Trampın Danimarkaya məxsus Qrenlandiyaya dair təhdidləri və tariflərin tətbiqi səbəbindən müvafiq referendumun 2026-cı ilin avqustunda keçirilməsini istəyir.
Rəsmi mənbə nəşrə deyib ki, Tramp Davos İqtisadi Forumunda İslandiyanı dörd dəfə xatırladıb, diqqəti ora çəkib: “Bu, kiçik bir ölkə üçün narahatlıq yaratmalıdır”.
İslandiya parlamenti yaxın həftələrdə səsvermə tarixini elan etməlidir. Əgər islandiyalılar Aİ-ə üzvlük üçün səs verəcəklərsə, bunu digər namizəd ölkələrdən daha tez edə bilərlər. İslandiya artıq Şengen və Avropa İqtisadi Zonasında iştirak etdiyi üçün Aİ-nin bir çox qanunları ölkədə qüvvədədir. Amma Reykyavik birincinin nəticələrinə əsaslanaraq, Aİ-yə üzvlük üçün daha bir referendum keçirməlidir.
İslandiya Aİ-ə üzvlük üçün ərizəni maliyyə böhranı zamanı, 2009-cu ildə vermişdi. 2013-cü ildə hökumət ölkədə iqtisadi vəziyyətin yaxınlaşması ilə əlaqədar üzvlük danışıqlarını dayandırmışdı. İslandiya 2015-ci ildə Aİ-dən ölkənin namizəd hesab edilməməsini xahiş etmişdi. 2013-cü ildə ittifaqa üzvlük prosesi dayandırılmazdan əvvəl İslandiya inteqrasiyanın 33 mərhələsindən 11-ni tamamlamışdı.