BAKI, 17 fevral. TELEQRAF

Ukrayna ordusu 11-15 fevral tarixlərində 201 kvadrat kilometr ərazini Rusiya işğalından azad edib. Bu, son iki il yarım ərzində Ukrayna qoşunlarının əldə etdiyi ən böyük irəliləyişdir.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutu (ISW) məlumat yayıb.

Azad edilən ərazilərin miqyası Rusiya qüvvələrinin 2025-ci ilin dekabr ayı ərzində işğal etdiyi ərazilərdən daha çoxdur.

ISW-nin məlumatına görə, bu, 2023-cü ilin iyun ayındakı əks-hücumdan sonra Ukraynanın ən böyük uğuru hesab olunur.

ABŞ mütəxəssislərinin fikrincə, Ukraynanın əks-hücumu yaxın vaxtlarda Rusiya qüvvələrinin “Starlink” sisteminə çıxışının bloklanması nəticəsində mümkün olub. Rusiya mənbələrinə görə, bu addım rabitə, döyüş meydanında komandanlıq və idarəetmədə ciddi pozuntulara səbəb olub.

ISW bildirib ki, Ukrayna Silahlı Qüvvələrinin əsas irəliləyişi Zaporojye vilayətinin şərqində qeydə alınıb. Həmin ərazidə Rusiya qüvvələri 2025-ci ilin yayından etibarən uğurla fəaliyyət göstərirdi.

Bununla yanaşı, Ukrayna qüvvələri Xarkov, Kostyantinivka, Pokrovsk və Novopavlivka istiqamətlərində də nəzarəti yenidən ələ keçiriblər.