BAKI, 3 fevral. TELEQRAF

“Yunanıstan və Türkiyə arasındakı ən böyük problem Egey və Şərqi Aralıq dənizində sərhədlər, Eksklüziv İqtisadi Zona və qitə şelfinin müəyyənləşdirilməsi ilə bağlıdır”.

Teleqraf xəbər verir ki, bunu Yunanıstan Baş Naziri Kiriakos Mitsotakis deyib.

Baş nazir Türkiyə ilə ən böyük problem həll olunmadan Ankaranın Avropa İttifaqına daha çox yaxınlaşmasının mümkün olmayacağını iddia edib.

“Prezident Ərdoğanla birbaşa görüşə bilməyimin ancaq yaxşı bir şey olduğunu düşünürəm. Çünki təkcə Yunanıstan-Türkiyə münasibətlərini müzakirə etmirik. Yunanıstan daha çox təşəbbüs göstərməyə həmişə hazırdır”, - Mitsotakis əlavə edib.

Yunanıstan lideri Türkiyə ilə həllin yalnız beynəlxalq məhkəmə yolu ilə mümkün olduğunu söyləyib:

“Həll yolu kimi mübahisəmizi beynəlxalq məhkəmə orqanına çıxara bilərik. Əlbəttə, “boz zonalar” nəzəriyyəsi masada olduğu müddətcə, yəni dolayı da olsa suverenlik, Egeydəki yunan adaları üzərində suverenlik hüquqları sual altındaykən və üzərimizdə müharibə təhlükəsi asılı qalarkən, bu nöqtəyə gəlməyimiz çox çətindir”.

Kiriakos Mitsotakis Türkiyə ilə razılaşma fürsətinin əldən çıxıb-çıxmadığı sualına da cavab verib:

“Türkiyə ilə razılaşmaq üçün imkan pəncərəsini görməyi gözləmədən öz gücümüzə investisiya qoyuruq. Əlbəttə, Yunanıstan beynəlxalq hüquqa bağlı ölkədir. Buna görə də, dəyərlərimizin gücünü qoruyacağıq, amma artıq gücümüzün dəyərinə də investisiya qoymağın vaxtı gəlib”.

Baş nazir Yunanıstanın silahlandığını və hərəkətə keçdiyini, amma bunun xarici siyasət baxımından çəkindirici məqsəd daşıdığını da iddia edib.