BAKI, 15 yanvar. TELEQRAF
“Avropa İttifaqı (Aİ) İran İslam İnqilabı Keşikçiləri Korpusunu (SEPAH) terror təşkilatı elan etməlidir”.
Teleqraf xəbər verir ki, bunu Almaniya parlamentinin sədr müavini Ümid Nuripur deyib.
“Günlərdir İranda amansız repressiya və qətllər davam edir. Hazırda zəruri olan maliyyə təzyiqlərinin artırılması və İran İnqilab Keşikçiləri Korpusunun Avropa İttifaqının terror təşkilatları siyahısına salınmasıdır”, - o bildirib.
Münxen Təhlükəsizlik Konfransının keçmiş sədri Kristof Hoysqen isə Avropa İttifaqının İranda etirazçıların kütləvi şəkildə repressiyaya məruz qalmasına münasibətdə tutduğu mövqeni tənqid edib:
“İspaniya, Fransa və İtaliya kimi ölkələrin SEPAH-ın terror təşkilatları siyahısına salınmasına qarşı çıxması səbəbindən Avropa İttifaqının daxili fikir ayrılığı yaşaması ittifaqın zəifliyinin göstəricisidir”, - o əlavə edib.