BAKI, 18 noyabr. TELEQRAF
Çin Belarusa Rusiya üçün nəzərdə tutulmuş təxminən yarım milyon mərmi blankının istehsalını qurmağa kömək edib.
Teleqraf xəbər verir ki, bunu Belarusun güc strukturlarının keçmiş əməkdaşlarından ibarət “BelPol” təşkilatının nümayəndəsi Matvey Kupreyçik DW-yə bildirib.
Onun sözlərinə görə, bu göstəricilər bir ilə aiddir: “Çin Belarus rejiminə ildə 240 min 152 millimetrlik artilleriya mərmisi və 240 min 122 millimetrlik “Qrad” raketi istehsalını qurmağa kömək edib. Bu illik məlumatlardır. Tək bir Belarus müəssisəsində ildə azı yarım milyon mərmi hazırlanır”.
O qeyd edib ki, söhbət içərisində partlayıcı maddə olmayan mərmilərin istehsalından gedir.
Kupreyçikin fikrincə, hazırda Belarusun partlayıcı maddələri müstəqil istehsal etmək imkanı yoxdur, çünki ölkədə bunun üçün lazım olan istehsal gücü mövcud deyil: “Buna görə də içi boş mərmi istehsal edirlər”.
“BelPol” nümayəndəsi əlavə edib ki, Belarus bu blankları Çinin imkanları hesabına istehsal edə bilir: “Resursların hazırlanması üçün Çin Belarusa on mühəndis göndərib”.
Kupreyçikin məlumatına əsasən, Pekin bu xəttin işə salınmasında o qədər maraqlıdır ki, hazırda Belarusun iki müəssisəsində prosesi nəzarətdə saxlamaq üçün Çin vətəndaşları işləyirlər:
“Bu blanklar Belarusda Rusiyanın dövlət sifarişi ilə istehsal olunur. Hazırda yeganə alıcı Rusiyadır, Lukaşenko rejiminin başqa alternativi yoxdur”.