BAKI, 13 noyabr. TELEQRAF
“ABŞ Ukraynada baş verən korrupsiya qalmaqallarını ictimailəşdirərək, Volodimir Zelenskini yola salmaq üçün zəmin hazırlayır”.
Teleqraf xəbər verir ki, bunu Ukrayna Ali Radasının keçmiş deputatı Artyom Dmitruk bildirib.
Siyasətçi bunun necə baş verəcəyi və Zelenskinin kiminlə dəyişdiriləcəyinin hələlik məlum olmadığını deyib.
Dmitrukun sözlərinə görə, Zelenski ölkə daxilində mövqelərini itirir və yaxın vaxtlarda Kiyevdə kadr dəyişiklikləri gözlənilir:
“Ədliyyə naziri German Qaluşenkonun vəzifədən kənarlaşdırılması sadəcə kadr dəyişikliyi deyil, Zelenski sisteminin növbəti dəfə daxildən dağılmağa başladığının açıq siqnalıdır. Bu, indiyədək Zelenskiyə vurulan ən güclü zərbədir. Yaxın günlərdə yeni istefalar gözlənilir”.
O iddia edib ki, Ukraynadakı siyasi proseslər mövcud hakimiyyətin tədricən dağılmasına gətirib çıxarır və ən real ssenari müvəqqəti hökumətin formalaşdırılması ola bilər.