BAKI, 13 noyabr. TELEQRAF
Türkiyə Silahlı Qüvvələrinin Azərbaycandan qayıdarkən Gürcüstanda qəzaya uğrayan hərbi təyyarəsi ilə bağlı müxtəlif iddialar ortaya atılıb.
Teleqraf xəbər verir ki, bəzi mənbələr C130 təyyarəsinin dizaynında qüsurlar olduğunu iddia edərkən, bəziləri də keçmişdə baş verən qəzalara diqqət çəkərək bu texnikaların mühərrik problemlərinə malik olduğunu irəli sürüblər.
Böyük Britaniya Hərbi Hava Qüvvələrinin (RAF) keçmiş C130 pilotu Skott Beytmen bu iddialarla razılaşmadığını bildirib: “Hər şəraitdə yüksək dözümlülüyə malik, son dərəcə etibarlı gövdəsi olan bir təyyarədir. C130 dünyada ən uzun müddət istehsal olunan ən qədim hərbi təyyarədir. Artıq 70 ildən çoxdur istehsaldadır. İştirak etdiyi əməliyyatların siyahısı çox uzundur, bəli, bununla bağlı müəyyən itkilər də olub. İstehsal edilən bütün təyyarələrin təxminən 15 faizi itirilib. Amma bu, bütün itkilərin qəza nəticəsində baş verdiyi demək deyil, 29-u quru əməliyyatlarında itirilib. ABŞ də Vyetnamda 70-dən çox C130 itirib”.
Türkiyə Hərbi Hava Qüvvələrinə məxsus C130 təyyarəsi ilə bağlı hadisəyə toxunan Beytmen qəza ilə bağlı ehtimallardan çəkinmək lazım olduğunu vurğulayıb:
“Qəza ilə bağlı ehtimallar irəli sürmək ədalətsizlik olar. Amma inanıram ki, heyət üzvləri, özlərindən əvvəlki bir çoxları kimi, çox sevdikləri bir işi yerinə yetirərkən həyatlarını itiriblər. Uçuş geyimlərində hansı bayraq olur-olsun, C130-la uçanlar və uçmuş olanlar böyük bir ailənin üzvləridir. Bu gün biz həmin ailənin üzvlərinin itkisinə yas tuturuq”.
Xatırladaq ki, noyabrın 11-də Türkiyəyə məxsus hərbi təyyarə Gürcüstanın Azərbaycanla dövlət sərhədindən təxminən 5 kilometr aralıda qəzaya uğrayıb. Təyyarə Azərbaycandan Türkiyəyə uçurdu. Türkiyə Müdafiə Nazirliyi qəzaya uğrayan təyyarənin göyərtəsində 20 hərbçinin olduğunu açıqlayıb. Hadisənin baş vermə səbəbləri araşdırılır.