BAKI, 8 oktyabr. TELEQRAF
Moldova silahlı qüvvələrini 30 faiz artıraraq 8500 hərbçi və 2000 mülki şəxsə çatdıracaq.
Teleqraf xəbər verir ki, bu, Moldova hökumətinin iclasında təsdiq edilmiş 2025-2035-ci illər üçün yeni hərbi strategiyada öz əksini tapıb.
Sənəddə həmçinin yenidən silahlanma, Avropa İttifaqı və NATO hərbi təlim standartlarına keçid, Rumıniya, Ukrayna və NATO ilə hərbi əməkdaşlığın gücləndirilməsi və silah və texnikanın tədarükü sahəsində birgə təşəbbüslərin təşviqindən bəhs edilir.
Ölkənin yeni hərbi strategiyasına əsasən, Rusiya Moldovanın təhlükəsizliyinə əsas təhdiddir. Kişinyov Rusiyanın Ukraynadakı işğalı kontekstində onu Moldovanın təhlükəsizliyi və dövlətçiliyinə birbaşa və ciddi təhdid kimi qiymətləndirir.
Hərbi strategiyada müəyyən edilmiş digər təhlükə isə ölkənin işğal edilmiş Dnestryanı bölgəsindəki separatçı qüvvələr və Rusiya qoşunları ilə bağlıdır.