BAKI, 29 sentyabr. TELEQRAF

Fransa Prezidenti Emmanuel Makron Moldovada keçirilən seçkilərin nəticələrini şərh edərək, Parisin Kişinyovun Avropaya inteqrasiya kursunu dəstəklədiyini bəyan edib.

Teleqraf xəbər verir ki, o, bu barədə sosial media hesabında yazıb.

“Fransa Moldovanın Avropa layihəsini, onun azadlıq və suverenlik istəklərini dəstəkləyir”, - Fransa lideri bildirib.

Makronun sözlərinə görə, Moldova vətəndaşları (Rusiyadan) müdaxilə və təzyiq cəhdlərinə baxmayaraq, həlledici seçim ediblər.

Xatırladaq ki, Moldovada keçirilən parlament seçkilərində Prezident Maya Sandunun hakim Fəaliyyət və Həmrəylik Partiyası (PAS) qalib gəlib. Partiya avropayönümlüdür, əsas hədəfi ölkənin Avropa İttifaqı üzvlüyünə nail olmaqdır.