BAKI, 29 avqust. TELEQRAF

Türkiyə Ali Hərbi Şurasının 2025-ci il toplantısından sonra Müdafiə Nazirliyində daha rütbə və vəzifələri yüksələn şəxsi heyət üçün mərasim keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Atatürk Mədəniyyət Sarayında keçirilən mərasimdə müdafiə naziri Yaşar Gülər, Baş Qərargah rəisi ordu generalı Selçuk Bayraktaroğlu, Hərbi Dəniz Qüvvələri komandanı admiral Ercüment Tatlıoğlu, Hərbi Hava Qüvvələri komandanı general Ziya Camal Kadıoğlu, Quru Qoşunları komandanı Metin Tokel, nazir müavinləri Şuay Aplay, Alparslan Kavajlıoğlu, Bilal Durdalı və Musa Heybət qatılıb.

Mərasimdə onlara yeni rütbələri təqdim olunub.

Tədbirdə Quru Qoşunlarının Birinci Ordusunun komandanı ordu generalı Bəxtiyar Ərsay da iştirak edib.

Bəxtiyar Ərsay Ali Hərbi Şuranın avqustun 14-də keçirilən toplantısında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan tərəfindən ordu generalı hərbi rütbəsinə yüksəldilib.

Xatırladaq ki, Bəxtiyar Ərsay bundan əvvəl Azərbaycan müdafiə naziri Zakir Həsənovun müşaviri və Türkiyənin Azərbaycandakı Xidmət Qrupunun komandanı olub. Avqustun 25-də Türkiyə Prezidentinin sərəncamı ilə Quru Qoşunların Birinci Ordusunun komandanı təyin edilib.