BAKI, 20 avqust. TELEQRAF

“Minsk və Tehranın qlobal əhəmiyyətli məsələlərdə ümumi mövqeləri və baxışları var”.

Teleqraf xəbər verir ki, bunu İran Prezidenti Məsud Pezeşkian Belarus Prezidenti Aleksandr Lukaşenko ilə görüşündə deyib.

İran prezidenti Avrasiya İqtisadi Birliyi, BRİKS və Şanxay Əməkdaşlıq Təşkilatı kimi qurumlar çərçivəsində əldə olunan razılaşmalara da diqqət çəkib. Pezeşkianın fikrincə, bu strukturlar sayəsində İran və Belarus təkcə çoxtərəfli deyil, həm də ikitərəfli münasibətləri inkişaf etdirə bilər.

O xatırladıb ki, Qərb 40 ildən çoxdur İrana qarşı müxtəlif sanksiyalar tətbiq edir, Belarus da uzun müddətdir belə sanksiyalar altındadır. İran prezidenti hesab edir ki, ABŞ və müttəfiqlərinin belə birtərəfli destruktiv yanaşması qəbuledilməzdir.

“Biz həm bizim, həm də sizin ölkənizin müstəqil qalmasını istəyirik. Müstəqil qərarlar çərçivəsində biz dostluğumuzu və əməkdaşlığımızı inkişaf etdirə bilərik. Münasibətlərimizin inkişafı və praktikada həyata keçiriləcək razılaşmalarımız bu qanunsuz sanksiyaları neytrallaşdıra bilər”.