BAKI, 2 iyun. TELEQRAF

Rusiya ilə Ukrayna arasında danışıqların ikinci raundunda prezidentlərin görüşü məsələsinə baxılacağı gözlənilir.

Teleqraf xəbər verir ki, bunu Rusiya-Ukrayna danışıqlarının açılışında Türkiyə xarici işlər naziri Hakan Fidan deyib.

“Liderlərin görüşünə hazırlıq üçün lazımi addımları müzakirə etməyi planlaşdırırıq (Rusiya, Ukrayna, Türkiyə və ABŞ liderləri Vladimir Putin, Volodimir Zelenski, Rəcəb Tayyib Ərdoğan və Donald Tramp arasında görüşü nəzərdə tutur – red.). Hesab edirik ki, nümayəndə heyətlərinin müntəzəm görüşləri tərəflər arasında etimadın möhkəmləndirilməsi baxımından dəyərlidir. Ortaq problemlər və mövqeləri müəyyən etməklə, fikir ayrılıqlarını azaltmaq və sülhə yol açmaq mümkün olacaq. Biz ilk növbədə danışıqların məhsuldar keçəcəyini, konkret irəliləyişin və ən qısa müddətdə istənilən nəticənin əldə olunmasını gözləyirik”, - nazir bildirib.

Hazırda Rusiya və Ukrayna nümayəndə heyətləri arasında danışıqların ikinci raundu davam edir. Danışıqlarda Rusiya nümayəndə heyətinə prezidentin müşaviri Vladimir Medinski, Ukrayna nümayəndə heyətinə müdafiə naziri Rustem Umerov rəhbərlik edir.

Danışıqlara Hakan Fidan moderatorluq edir, Türkiyə Milli Kəşfiyyat Təşkilatının direktoru İbrahim Kalın da müzakirələrə qatılıb.

Qeyd edək ki, Rusiya və Ukrayna arasında danışıqların birinci raundu da mayın 16-da İstanbulda keçirilmişdi.