BAKI, 1 iyun. TELEQRAF
Ukrayna nümayəndə heyəti iyunun 2-si İstanbulda planlaşdırılan danışıqlarda Rusiya tərəfinə dayanıqlı sülhə nail olmaq üçün "yol xəritəsi" təqdim edəcək.
Teleqraf xəbər verir ki, bu barədə sənədlə tanış olan “Reuters” agentliyi məlumat yayıb.
Təklif olunan yol xəritəsində ardıcıl olaraq azı 30 gün müddətinə tam atəşkəsin elan edilməsi, hər iki tərəfdən bütün əsirlərin mübadiləsi, həmçinin Rusiya ərazisinə aparılmış ukraynalı uşaqların geri qaytarılması nəzərdə tutulur.
Bundan sonra Ukrayna Prezidenti Volodimir Zelenski və Rusiya Prezidenti Vladimir Putin arasında görüşün keçirilməsi təklif olunur.
Bildirilir ki, bu plana əsasən, Moskva və Kiyev, ABŞ və Avropanın iştirakı ilə, müharibənin tam dayandırılması şərtlərinin razılaşdırılması üzərində işləyəcəklər. Ukrayna rəsmilərinin sənədin layihəsini əvvəlcədən Rusiya tərəfinə göndərdikləri qeyd olunur.
Sənəddə əks olunan digər müddəalar arasında işğal edilmiş Ukrayna əraziləri üzərində Rusiyanın suverenliyinin beynəlxalq səviyyədə tanınmaması, Ukraynaya reparasiyanın ödənilməsi və ən əsası, Ukraynanın neytral olmağa məcbur edilməməsi, NATO-ya qoşulmaq və Avropa İttifaqına üzvlük istiqamətində addımlamaq hüququnun tanınması yer alır.