BAKI, 27 may. TELEQRAF

NATO baş katibi Mark Rutte alyansın iyunda keçiriləcək sammitinin ABŞ və Ukrayna prezidentləri Donald Trampla Volodimir Zelenski arasındakı münaqişə səbəbindən pozula biləcəyindən ehtiyat edir.

Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” Avropa rəsmilərinə istinadla məlumat yayıb.

Rəsmilərin sözlərinə görə, Rutte Ukrayna məsələsində açıq fikir ayrılıqlarının qarşısını almaq üçün NATO-nun illik sammitinin qısa və əhəmiyyətli olmasını istəyir. Bununla belə, nəşr qeyd edir ki, Ukraynanın gələcəyi ilə bağlı avropalı müttəfiqləri ilə razılaşmayan Trampın mövqeyi Ruttenin planlarını çətinləşdirə bilər.

Həmçinin mənbə iddia edir ki, Tramp Zelenskinin sammitdə iştirakına qarşıdır. NYT-nin fikrincə, Ukrayna prezidentinin sammitdə iştirak edib-etməyəcəyi hələ dəqiq deyil.

Qeyd edək ki, NATO sammiti iyunun 24-25-də Haaqada (Niderland) keçiriləcək. Tədbirdə 45-ə yaxın dövlət və hökumət başçısı, 45 xarici işlər və müdafiə naziri, eləcə də 6000-ə yaxın nümayəndə heyəti üzvünün iştirakı gözlənilir.