BAKI, 16 may. TELEQRAF
Rusiya və Ukrayna arasında axan qanın dayandırılması üçün fürsət pəncərəsi açılıb.
Teleqraf xəbər verir ki, bunu Avropa Siyasi Birliyinin Albaniyada keçirilən VI sammitində çıxışında Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan deyib.
“Ukraynada silahların susması üçün kritik bir zamandayıq. Həll istiqamətində səylərə töhfə veririk. Tərəfləri təşviq etmək vacibdir”, - dövlət başçısı bildirib.
Prezident Ərdoğan qeyd edib ki, üçillik müharibədən sonra sülhün bərqərar olması üçün zəmin yaranıb:
“Dünən Ankarada Zelenski ilə görüşdən sonra texniki danışıqlara başlamaq qərarına gəldik. İlk dəfə olaraq axan qanı dayandırmaq üçün mühüm fürsət pəncərəsi açılıb. Hazırda İstanbulda xarici işlər nazirimin rəhbərliyi ilə danışıqlar davam edir. Bu fürsəti əldən vermək olmaz. Buradakı bütün tərəfdaşlarımızın dəstəyi sülhün bərqərar olması və Ukrayna ilə Rusiya arasında dialoq kanallarının bağlanmaması üçün vacibdir”.
Prezident əlavə edib ki, Türkiyə Rusiya və Ukrayna arasında müharibənin dayandırılması və ədalətli sülhün əldə olunması üçün səylərini davam etdirəcək.
Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, münaqişənin nizamlanması prosesi həssasdır və tərəflərə qərar qəbul etməyə, təzyiq göstərməyə ehtiyac yoxdur: “Bu, ədalətli və davamlı sülhə nail olmaq üçün son dərəcə vacibdir”.