BAKI, 15 may. TELEQRAF
İstanbulda Rusiya ilə bugünkü danışıqlarda yalnız 30 günlük atəşkəs məsələsi müzakirə ediləcək.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-də nəşr olunan “The Wall Street Journal”a Ukrayna rəsmisi bildirib.
Nəşr yazır ki, Rusiya müharibəyə səbəb olan “fundamental məsələlər” üzrə razılaşma olmadan atəşkəs ideyasına həvəsli deyil. Ukrayna isə əvvəlcə 30 günlük atəşkəsin elan edilməsini və nəhayət müharibəni bitirəcək razılaşmanın atəşkəsdən sonra müzakirə olunmasını istəyir.
Moskva nümayəndə heyətinə Rusiya prezidentinin köməkçisi Vladimir Medinski (nümayəndə heyətinin rəhbəri), xarici işlər nazirinin müavini Mixail Qaluzin, Baş Qərargah rəisinin müavini İqor Kostyukov və müdafiə nazirinin müavini Aleksandr Fomin daxildir. Ekspertlər qrupuna isə Baş Qərargahın informasiya idarəsi rəisinin birinci müavini Aleksey Zorin, Prezident Administrasiyasının humanitar siyasət üzrə idarə rəisinin müavini Yelena Podobreyvskaya, Xarici İşlər Nazirliyinin MDB ölkələri üzrə İkinci Departamentinin direktoru Aleksey Polişuk və Müdafiə Nazirliyinin beynəlxalq hərbi əməkdaşlıq baş idarəsi rəisinin müavini Vitali Şevtsov daxil edilib.
Rəsmi Kiyevi isə danışıqlarda xarici işlər naziri Andrey Sibiqa, Prezident Administrasiyasının rəhbəri Andrey Yermak, müdafiə naziri Rüstəm Umerov, Prezidentin müşaviri İqor Jovkva təmsil edir.
Danışıqlar Bakı vaxtı ilə saat 11:00-da başlayacaq. Müzakirələr mətbuata qapalı olacaq.
Xatırladaq ki, Rusiya-Ukrayna müharibəsi 2022-ci il fevral ayının 22-də başlayıb. Bir müddət sonra hərbi əməliyyatların dayandırılması və sülh sazişinin imzalanması üçün tərəflər arasında bir neçə dəfə danışıqlaraparılıb. Bu danışıqlardan ikisi Belarusda, biri Türkiyədə baş tutub. Həmin ilin fevral-mart aylarında Rusiya və Ukrayna nümayəndə heyətləri Belarusun Belovejskaya Puşşa və Brest şəhərlərində görüşüblər. Martın 22-də isə Türkiyənin İstanbul şəhərində bir araya gəliblər. Hər üç görüş nəticəsiz başa çatıb.
Ötən ilin noyabrında ikinci dəfə ABŞ Prezidenti seçilən Donald Tramp yenidən tərəfləri bir araya gətirməyə çalışır. Onun birbaşa danışıqlar təklifinə cavab verən Rusiya Prezidenti Vladimir Putin 2025-ci il mayın 11-də İstanbul danışıqlarının davam etdirilməsi təklifini irəli sürüb. Ukrayna Prezidenti Volodimir Zelenskinin rusiyalı həmkarına cavabı müsbət olub. Ukrayna lideri mayın 15-də Rusiya Prezidentini İstanbulda gözlədiyini bəyan eləsə də, Kreml sonradan Vladimir Putinin Türkiyəyə səfər etməyəcəyini açıqlayıb.
Rusiya və Ukraynanın daha aşağı səviyyəli nümayəndə heyətlərinin bu gün İstanbulda bir araya gələcəyi gözlənilir. Bu, 2022-ci il martın 22-dən sonra tərəflər arasında ilk birbaşa görüş olacaq.