BAKI, 17 aprel. TELEQRAF

Finlandiya Rusiya ilə quru sərhədindəki bütün keçid məntəqələrini növbəti xəbərdarlığa qədər bağlı saxlayacaq.

Teleqraf xəbər verir ki, bu barədə Finlandiya Daxili İşlər Nazirliyi məlumat yayıb.

Finlandiya hökuməti 2023-cü ilin sonlarında tədricən Rusiya ilə sərhədini bağlamağa başlayıb, ardınca həmin ilin dekabrında Moskvanın Helsinkiyə təzyiq göstərmək üçün miqrantları qəsdən keçid məntəqələrinə doğru yönəltdiyinə dair şübhələr fonunda sərhəd boyunca bütün keçid məntəqələrini bağlayıb.

“Finlandiya hakimiyyət orqanlarının əldə etdikləri məlumatlara əsasən, instrumental miqrasiyanın bərpası və genişlənməsi riski ehtimal olaraq qalır. Bu davam edərsə, Finlandiyanın milli təhlükəsizliyi və ictimai asayişi üçün ciddi təhlükə yaradacaq”, - məlumatda deyilir.

Keçən həftə Finlandiya parlamenti hökumətin sərhəd təhlükəsizliyi haqqında qanunun müddətini uzatmağa yönəlmiş təklifini nəzərdən keçirməyə başlayıb. Qanun sərhədçilərə Rusiyanın hibrid təzyiq taktikasının bir hissəsi kimi sərhədə yönəldildiyi təqdirdə potensial sığınacaq axtaran şəxslərə girişi qadağan etməyə icazə verir.