
BAKI, 11 aprel. TELEQRAF
Türkiyənin müxalif Cümhuriyyət Xalq Partiyasının (CHP) sədri Özgür Özəl İstanbul şəhərinin bələdiyyə sədri Əkrəm İmamoğlunun həbsinin davam edəcəyi təqdirdə partiyanın mümkün prezidentliyə namizədliyi prosesinin necə idarə olunacağını açıqlayıb.
Teleqraf xəbər verir ki, o, bu durumda partiya üzvləri arasında keçiriləcək səsvermədə ən çox səs alan şəxsin namizəd olacağını bildirib.
“Namizədin adının kim olmasının önəmi yoxdur. Əkrəm İmamoğlu həbsdə qalsa, həmin gün ən çox səs toplayan namizəd olacaq”, - Özəl deyib.
CHP sədri həmçinin qeyd edib ki, İmamoğlu həbsdən çıxsa, namizədliyi davam edəcək:
“Namizəd olan dostumuz kim olur-olsun, Əkrəm bəy gələndən sonra o dostumuz da başqa vəzifəyə təyin olunacaq. Əkrəm bəyin icra edəcəyi vəzifəsi baş nazirlikdirsə, ora olacaq, prezidentlikdirsə, ora gedəcək”.
Xatırladaq ki, martın sonunda CHP nümayəndələri arasında keçirilmiş ilkin səsvermədə Əkrəm İmamoğlu partiyanın prezidentliyə namizədi seçilib. Hazırda həbsdə olan bələdiyyə sədri korrupsiyada ittiham olunur.
Növbədənkənar seçki qərarı olmasa, Türkiyədə növbəti prezident seçkiləri 2028-ci ildə keçiriləcək.