
BAKI, 20 mart. TELEQRAF
Türkiyə Milli Təhlükəsizlik Şurası bu il ikinci dəfə Prezident Rəcəb Tayyib Ərdoğanın sədrliyi ilə toplanacaq.
Teleqraf xəbər verir ki, toplantının əsas mövzusu “Terrordan azad Türkiyə” məqsədi ilə görülən tədbirlər olacaq.
İclasda PKK terror təşkilatının özünün ləğviylə bağlı etdiyi çağırış və ondan sonra baş verən proseslər müzakirə ediləcək. Bildirilir Türkiyənin qırmızı xətti təşkilatın və onun bütün uzantılarının silahlarını yerə qoymasıdır. Milli Təhlükəsizlik Şurası bu məsələ ilə bağlı yerdən gələn hərbi və kəşfiyyat məlumatlarına diqqət yetirəcək. Əməliyyatlar davam edərkən, heç bir gecikməyə yol vermədən prosesi yekunlaşdırmaq üçün atılacaq addımlar müzakirə ediləcək.
Bu çərçivədə Suriya məsələsi də Milli Təhlükəsizlik Şurasında müzakirə olunacaq. Dəməşqlə SDQ terror təşkilatı arasında əldə olunan razılaşma ilə bağlı qiymətləndirmələr aparılacaq. Xarici işlər naziri Hakan Fidan, müdafiə naziri Yaşar Gülər və MİT direktoru İbrahim Kalın ötən həftə Suriyadakı təmasları ilə bağlı şuraya məlumat verəcək.
Milli Təhlükəsizlik Şurasının digər gündəm mövzusu isə Qəzza zolağında yenidən başlayan İsrail-HƏMAS qarşıdurması olacaq.
Toplantıda təhlükəsizlik arxitekturasını gücləndirmək istəyən Avropa ilə artan təmaslar, Rusiya-Ukrayna müharibəsi və Kiprdəki son durum da müzakirə ediləcək.