
BAKI, 19 mart. TELEQRAF
Türkiyənin hüquq-mühafizə orqanları bu gün səhər saatlarında İstanbul bələdiyyəsində anti-korrupsiya və antiterror əməliyyatı keçirib. Əməliyyat çərçivəsində İstanbulun bələdiyyə sədri Əkrəm İmamoğlu və bələdiyyənin 106 əməkdaşı saxlanılıb.
Əməliyyatdan sonra İstanbul Baş Prokurorluğu İmamoğlu və saxlanılan digər şübhəliləri PKK terror təşkilatına yardım və rüşvətxorluqda ittiham edib.
İstanbulun bələdiyyə sədri ilə bağlı bir diqqətçəkən qərar da dünən verilib. İstanbul Universiteti onun diplomunun ləğv edildiyini açıqlayıb. Qərar qüvvədə qalarsa, o, qarşıdakı prezident seçkilərində namizəd ola bilməyəcək. Bələdiyyə sədri artıq Cümhuriyyət Xalq Partiyasından (CHP) namizəd olacağını açıqlamışdı. O, martın 23-də keçirilməsi nəzərdə tutulan və partiya üzvlərinin CHP-nin prezidentliyə namizədini müəyyən edəcəyi ilkin seçkidə yeganə namizəd kimi iştirak etməli idi.
Əkrəm İmamoğlu 1970-ci ildə Trabzonun Akçaabat rayonunda anadan olub. O, siyasi karyerasını İstanbulda quraraq şəhərin ən məşhur siyasətçilərindən birinə çevrilib.
İmamoğlu gənclik illərində futbol oynayıb və həvəskar futbolçu olub. Həmçinin “Trabzonspor” futbol klubunun idarə heyətində yer alıb, eləcə də klubun basketbol şöbəsinin vitse-prezidenti vəzifəsini icra edib.
2014-2019-cu illərdə İstanbulun Bəylikdüzü rayonunun bələdiyyə sədri vəzifəsində çalışıb. Beş illik fəaliyyət müddətini tamamlayan İmamoğlu CHP-nin İstanbul bələdiyyə sədrliyinə namizədi olub. 2019-cu ildə İstanbul şəhər bələdiyyəsinə seçkilərdə qalib gəlib. Amma seçkilərin nəticələri ləğv olunub və iyunun 23-də keçirilən təkrar seçkidə hakim Ədalət və İnkişaf Partiyasından (AKP) olan rəqibi Binali Yıldırımı daha böyük fərqlə məğlub edib.
2023-cü ildə keçirilən prezident seçkilərində müxalifətin vahid namizədi, Cümhuriyyət Xalq Partiyasının (CHP) o zamankı sədri Kamal Kılıçdaroğlunun əsas dəstəkçilərindən biri olub və İstanbulda təşkilati işləri aparıb.
2022-ci ildə Türkiyənin ali seçki qurumunun üzvlərininj fəaliyyətini “axmaqlıq” adlandırdığına görə barəsində 2 il 7 ay həbs qərarı verilib, amma bu, onun siyasi fəaliyyətinə mane olmayıb.
2024-cü il seçkilərində yenidən İstanbul bələdiyyəsinin sədri seçilib.
Türkiyədə bəzi siyasi dairələr və iqtidar tərəfdarları, xüsusilə 2019-2024-cü illərdə bələdiyyə seçkiləri zamanı Əkrəm İmamoğlunun PKK terror təşkilatı ilə əlaqəsinin olduğu iddialarını irəli sürüblər. İttihamlar onun İstanbulda yaşayan kürd seçicilərinin dəstəyini alması ilə bağlı olub.
2019-cu ildə keçirilən seçkilərdə HDP açıq şəkildə İmamoğluna dəstək verdiyini bəyan edib. Bununla belə, İmamoğlu PKK və digər terror qruplaşmaları ilə heç bir əlaqəsinin olmadığını dəfələrlə bildirib.
Türkiyənin o zamankı daxili işlər naziri Süleyman Soylu 2022-ci ildə bəzi bələdiyyələrin əməkdaşlarının PKK ilə əlaqəli ola biləcəyini iddia edərək İmamoğlu rəhbərliyindəki İstanbul şəhər bələdiyyəsinə qarşı araşdırma başladıldığını açıqlamışdı. İmamoğlu bu iddiaları siyasi hücum kimi qiymətləndirir. Hüquq-mühafizə orqanlarının İstanbul bələdiyyəsində terrorizmlə bağlı araşdırması heç bir nəticə verməyib.
2024-cü il seçkiləri zamanı da PKK ilə hər hansı əlaqəsinin olmadığını, terrora qarşı olduğunu vurğulayıb.