BAKI, 15 mart. TELEQRAF

İslam dəyərlərinə hücumların olduğu hər yerdə bütün bəşəriyyəti və sivil dünyanı hədəf alan qeyri-insani bir nifrət var.

Teleqraf xəbər verir ki, bunu Türkiyənin hakim Ədalət və İnkişaf Partiyasının (AKP) sədr müavini Ömər Çelik deyib.

AKP rəsmisi inkişaf etmiş demokratiyaların islamofobiya ilə mübarizədə kifayət qədər təsirli olmadığını bildirib:

“Bu, onların demokratiyasının faşistlər tərəfindən mühasirəyə alınmasına gətirib çıxarır. Hər kəs başa düşməlidir ki, islamofobiya ilə mübarizə insani dəyərləri müdafiə etməyə bərabərdir. İslamofobiya anlayışının yetərli olmadığını vurğulayan prezidentimiz qlobal səviyyədə bu nifrəti qızışdıranların münasibətini “İslam düşmənçiliyi” kimi müəyyən edib.

İslamofobiya və mədəni irqçiliyin Qərb ölkələrində yayılmaqda davam etdiyini və siyasətçilərdən tutmuş dövlət məmurlarına qədər cəmiyyətin bütün təbəqələrini zəhərlədiyini narahatlıqla görürük. İslamofobiya kimi yayılan və müsəlmanları hədəf alan ideoloji fanatizmin İŞİD-dən heç bir fərqi yoxdur”.

Çelik İslamofobiya ilə mübarizənin bütün bəşəriyyətin işi olduğuna diqqət çəkib: “Qərb dövlətləri və siyasətçiləri bu mübarizədə daha çox məsuliyyət daşımalıdırlar”.