
BAKI, 10 mart. TELEQRAF
Ukrayna qüvvələri Rusiya ordusunun Donetsk vilayətində hücumunu dayandıra bilib və tədricən kiçik əraziləri geri almağa başlayıb.
Teleqraf xəbər verir ki, bu barədə “The New York Times” (NYT) Ukraynanın hərbi mənbələrinə istinadla məlumat yayıb.
Qeyd edilir ki, Rusiyanın təşəbbüsü özündə saxlamasına və hər gün şərq cəbhəsində çoxsaylı hücum əməliyyatları keçirməsinə baxmayaraq, onun yerdəki qüvvəsi xeyli tükənib. 15 aydan çox davam edən aktiv hücumlar texnika və işçi qüvvəsində ciddi itkilərlər nəticələnib.
NYT vurğulayır ki, Ukrayna ordusu bu durumdan öz xeyrinə istifadə edir.
Karneci Beynəlxalq Sülh Fondunun baş elmi işçisi Maykl Kofman deyir:
“Rusiyanın Donetskdəki hücum səyləri son aylarda pis hava şəraiti, qüvvələrinin tükənməsi və Ukraynanın düşmənin döyüş tərzinə effektiv şəkildə uyğunlaşması səbəbindən dayanıb”.
Kofmanın sözlərinə görə, cəbhənin tam sabitləşməsindən danışmaq hələ tez olsa da, Ukraynanın resursların çatışmazlığını kompensasiya etmək üçün istifadə etdiyi yeniliklər sayəsində vəziyyət xeyli yaxşılaşıb.
ABŞ nəşri də əks-hücumunu davam etdirən Ukrayna ordusunun bir müddətdir effektli döyüş tempini saxladığını vurğulayır.