BAKI, 1 mart. TELEQRAF

Ukrayna və Rusiya arasında müharibəyə son qoymalı olan danışıqlar prosesi indi daha bir qorxunc maneə ilə - Ukrayna və ABŞ prezidentləri Volodimir Zelenski və Donald Tramp arasında pozulmuş münasibətlərlə üz-üzədir.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) yazır.

Nəşr bildirir ki, birlik nümayişi olması nəzərdə tutulan görüş tam başqa bir durum yaratdı. Zelenski sülhdə Kremlə etibar edilə bilməyəcəyini dedi, Tramp isə vitse-prezident Ceyms Devid Venslə birlikdə onu müharibə aparmaqda və ABŞ-nin köməyinə görə onlara təşəkkür etməməkdə ittiham etdi.

Qeyd edilir ki, Zelenskinin Trampla Ağ Evdəki görüşü dünyanın gözü önündə fəlakətlə başa çatdı. Zelenski görüşdən əvvəl ABŞ-ni Rusiya lideri Vladimir Putinin tərəfində olmamağa inandırmaq istəmişdi. Əvəzində Tramp və Vens ona sayğısızlıq etdi, Ukraynanın ən mühüm hərbi müttəfiqi (ABŞ) ilə münasibətlərin tənəzzülünə səbəb olduğunu deyərək, onu qınadılar.

Amerika rəsmisinin nəşrə verdiyi məlumata görə, gərginlikdən sonra Ukrayna liderindən Amerikadan getməsi tələb olunub.

Ağ Evdəki mübahisə Ukrayna ilə ABŞ arasında faydalı qazıntıların çıxarılmasına dair nəzərdə tutulan sazişin gələcəyini də şübhə altına aldı.

Ukrayna nümayəndə heyətinin Vaşinqtondakı nümayəndəsi bildirib ki, mübahisədən sonra Fransa Prezidenti Emmanuel Makron, NATO baş katibi Mark Rutte və Avropa İttifaqı Şurasının prezidenti Antonio Koşta tələsik Zelenskiyə zəng edərək, onu müdafiə ediblər.

Tramp prezident seçildikdən sonra Rusiya ilə daha da yaxınlaşıb, bu, Amerikanın Avropadakı müttəfiqlərini şoka salıb və Ukrayna üçün durumu daha da çətinləşdirib. Ağ Evdəki son qalmaqal bu kəskin dəyişikliyin ən açıq təzahürü idi.

Gərginlik Vensin münaqişəni həll etmək üçün diplomatiyaya ehtiyac olduğunu vurğulayanda baş verdi və Zelenski qolları çarpaz halda Putinə etimad oluna biləməyəcəyini dedi. Zelenski Putinə daha yumşaq yanaşmasına görə Trampa açıq şəkildə meydan oxuyaraq onu “qatillə güzəştə getməməyə” çağırdı.

Tramp və komandası görüşdən dərhal sonra Zelenskini ABŞ-yə hörmətsizlikdə ittiham etdi. Danışıqlardan sonra “Fox News” danışan Zelenski də amerikalı həmkarının müharibəni dayandırmaq tələblərinə cavab olaraq, bunun indiki şərtlər altında mümkün olmayacağını söylədi.

Trampın partiyası Respublikaçıların baş verənlərə reaksiyası qarışıq oldu, Demokratlar isə ABŞ liderini tənqid elədilər.