
BAKI, 26 fevral. TELEQRAF
Qərbin kəşfiyyat xidmətləri və siyasətçiləri Rusiya-ABŞ danışıqlarının Amerika qoşunlarının Avropanın əksər hissəsində mövcudluğunun dayandırılmasına gətirib çıxara biləcəyindən narahatdırlar.
Teleqraf xəbər verir ki, bu barədə Almaniyanın “Bild” qəzeti rəsmilərə istinadla yazıb.
“Əldə etdiyimiz məlumata görə, söhbət Putinin 2021-ci ildən irəli sürdüyü tələblərdən, yəni ABŞ qoşunlarının 1990-cı ildən sonra alyansa daxil olan bütün NATO ölkələrindən çıxarılmasından gedir”, - Şərqi Avropa ölkələrindən birinin təhlükəsizlik qurumunun nümayəndəsi nəşrə deyib.
Həmçinin mənbə qeyd edib ki, artıq İtaliya Amerika qoşunlarının Kosovodan çıxarılmasına hazırlaşır. ABŞ-nin Avropa Komandanlığının (EUCOM) məlumatına görə, hazırda Avropada təxminən 78 000 Amerika əsgəri var, bunun təxminən 37 000-i Almaniyada yerləşir.
1990-cı ildən sonra NATO-ya qoşulan ölkələrə Çexiya, Macarıstan, Polşa, Bolqarıstan, Litva, Latviya, Estoniya, Rumıniya, Slovakiya, Sloveniya, Albaniya, Xorvatiya, Monteneqro, Şimali Makedoniya, Finlandiya və İsveç daxildir.