
BAKI, 20 fevral. TELEQRAF
Rusiya Prezidenti Vladimir Putin Vaşinqtondan mümkün qədər çox güzəşt əldə etmək üçün ABŞ ilə danışıqlarda rus nümayəndə heyətini optimallaşdırmağa çalışır.
Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) təhlilində deyilir.
Putinin fikrincə, Rusiya nümayəndə heyətində ABŞ ilə danışıqlarda effektiv nəticələr əldə edə biləcək şəxslər yer alır. Amerikalı analitiklərə görə, Rusiya lideri ABŞ Prezidenti Donald Trampla ən sərfəli sövdələşməni məhz bu yolla əldə etmək istəyir.
Rusiya prezidentinin sözçüsü Dmitri Peskov da bəyan edib ki, Putin ABŞ ilə dialoq üçün danışıqlar aparan şəxs təyin edəcək.
Rusiya mediası ABŞ-nin ilk görüşün keçirildiyi Səudiyyə Ərəbistanında ikitərəfli danışıqlar üçün ilkin nümayəndə heyəti formalaşdırdığını, bundan sonra Moskvanın da heyət üçün ən uyğun namizədləri seçdiyini yazıb.
Rus mətbuatına görə, Kreml Rusiya Mərkəzi Bankının ABŞ-də təxminən 6 milyard dollar dəyərində dondurulmuş ehtiyatlarına çıxışı bərpa etmək istəyir. Moskva da danışıqlar zamanı israr edib ki, hər iki ölkə öz diplomatik missiyalarının işini bərpa etməlidir.
ISW vurğulayır ki, Putin Kiyev və Qərbin münaqişə ilə bağlı güzəştləri müqabilində ABŞ-ni Ukrayna ilə əlaqəli olmayan iqtisadi-diplomatik şərtləri qəbul etməyə sövq etməyə çalışır.
Təhlilçilər əmindirlər ki, ABŞ buna getsə, Vaşinqton Trampın bəyan etdiyi Ukraynada sülhə nail olmaq məqsədinə çatmaq üçün lazım olan təsir rıçaqlarına sahib olacaq.