BAKI, 19 fevral. TELEQRAF

ABŞ kəşfiyyatının məlumatına görə, Rusiya Prezidenti Vladimir Putin Donald Tramp administrasiyası ilə müharibəni dayandırmaq üçün danışıqlara başlasa da, Ukraynanı işğal etmək niyyətindən əl çəkməyib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ kəşfiyyat orqanlarının dörd nümayəndəsi və ABŞ Konqresinin iki üzvünə istinadla “NBC News” məlumat yayıb.

“Bizdə Putinin hazırda real sülh sazişində maraqlı olduğuna dair heç bir məlumat yoxdur”, - ABŞ Konqresinin nümayəndəsi deyib.

ABŞ kəşfiyyatı da bildirib ki, hazırkı məlumatlar Putinin gələcəkdə bütün ölkəni ələ keçirmə ehtimalına əsaslanır.

“Putin qalib gəldiyini düşünür”, - kəşfiyyatdan kanala söyləyib.

Mənbə Rusiyanın döyüş meydanında ciddi itkilər verməsinin Putini hədəflərini yenidən nəzərdən keçirməyə və ya hərbi əməliyyatları dayandırmağa məcbur etmədiyini vurğulayıb.

“NBC News”a danışan mənbələr hesab edirlər ki, Putin danışıqlardan öz ordusunu yenidən qurmaq və mövqeyini möhkəmləndirmək üçün taktiki fasilə kimi istifadə edə bilər.

Qərb rəsmiləri bu kontekstdə Rusiya liderinin real güzəştlər və ya uzunmüddətli sülh sazişinə hazır olmasına şübhə ilə yanaşırlar.

Kəşfiyyat Putinin Ukraynadan qoşunları çıxarmaq və ya Rusiyanın qərb bölgələrindəki hərbi birləşmələri və texnikalarını azaltmaq planının olmadığını da qeyd edib. Üstəlik, Tramp administrasiyasının rəsmilərinin ABŞ-nin Ukraynanın NATO-ya üzvlüyünü real həll yolu hesab etmədiyinə dair son bəyanatları Putini xeyli canlandırıb.

“Onun məqsədləri maksimalist olaraq qalır”, - kəşfiyyat rəsmisi əlavə edib.