BAKI, 15 fevral. TELEQRAF

Fevralın 12-də ABŞ Prezidenti Donald Trampla rusiyalı həmkarı Vladimir Putin arasında telefon danışığından sonra Kreml təbliğat orqanlarına Trampla bağlı xəbərlərin sayını azaltmağı və Putini “güclü və qətiyyətli lider” kimi göstərməyi əmr edib.

Teleqraf xəbər verir ki, bu barədə ABŞ-nin Müharibə Araşdırmaları İnstitutunun (ISW) hesabatında deyilir.

Fevralın 14-də Rusiyanın “Meduza” nəşri yazıb ki, Kreml dövlət və hökumətyönlü KİV-lərə telefon danışığını “Putinin qələbəsi” kimi təqdim etməyi və bu barədə yazarkən Trampın adını daha az çəkməyi tapşırıb.

Qeyd olunur ki, Kreml Rusiya cəmiyyətinin Trampı Putindən daha “təşəbbüskar və qətiyyətli” lider kimi qəbul edə biləcəyindən narahatdır. Bundan əlavə, Moskva yerli ictimaiyyətin Trampı vəziyyəti dəyişə biləcək güclü lider, Putini isə passiv və ya zəif lider kimi qəbul etməsini istəmir.

Kreml həmçinin Rusiya mediasına “həddindən artıq optimist gözləntilər” yaratmamaq üçün danışıqlarla bağlı ictimai gözləntilərə təsir göstərməyi tapşırıb.

“Əvvəllər Rusiya mediası Trampı Rusiyanın işləyə biləcəyi praqmatik lider kimi təqdim edirdi. Amma indi Kreml Ukrayna ilə mümkün sülh danışıqlarına dair xəbərlər fonunda Putinin “gücü və fəallığı”nı vurğulamaq üçün yerli ictimaiyyətin Tramp haqqında təsəvvürünü mənfi istiqamətdə dəyişməyə cəhd edir”, - təhlildə vurğulanır.