BAKI, 31 avqust. TELEQRAF

Özbəkistan Prezidenti Şavkat Mirziyoyev və Çin Sədri Si Cinpin Bişkekdə keçirilən Şanxay Əməkdaşlıq Təşkilatının (ŞƏT) sammiti çərçivəsində görüşüb.

Teleqraf xəbər verir ki, liderlər görüşdə iki ölkə arasında hərtərəfli əməkdaşlığın daha da gücləndirilməsi məsələlərini müzakirə ediblər

Tərəflər xarici siyasət qurumları arasında sistemli strateji dialoqun davam etdirilməsinin və parlamentlərarası əlaqələrin daha da dərinləşdirilməsinin vacibliyini vurğulayıblar.

Ticari-iqtisadi və investisiya əməkdaşlığına, eləcə də nəqliyyat əlaqələrinin inkişafına xüsusi diqqət yetirilib.

Danışıqlar zamanı turizm və humanitar mübadilənin genişləndirilməsi məsələlərinə də toxunulub.

Özbəkistanda Çin dilinin öyrənilməsinin daha da genişləndirilməsinə, ali təhsil müəssisələri arasında təhsil proqramlarına və gənclərin Çində təhsil alması üçün kvotaların artırılmasına maraq ifadə edilib.

Kosmos əməkdaşlığın perspektivli sahələrindən biri kimi qeyd olunub.