BAKI, 20 avqust. TELEQRAF

Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayevin sədrliyi ilə Təhlükəsizlik Şurasının nadir metallar da daxil olmaqla, vacib minerallar sektorunun inkişafı ilə bağlı iclası keçirilib.

Teleqraf xəbər verir ki, bu barədə Qazaxıstan dövlət başçısının mətbuat xidməti məlumat yayıb.

Tokayev Qazaxıstanın resurs və istehsal potensialına görə Mərkəzi Asiyada lider olduğuna diqqət çəkərək, bundan dövlətin maraqları naminə istifadə etməyin vacibliyini vurğulayıb: “Dünyadakı mövcud vəziyyət mineral ehtiyatlarla zəngin ölkələr üçün əlverişli və unikal imkanlar açır”.

Prezident həmçinin qeyd edib ki, dünyada ölkələr arasında vacib materiallara çıxış uğrunda rəqabət güclənib:

“Bu sektor yüksək texnologiyalı sənaye sahələrinin inkişafı üçün strateji əhəmiyyət kəsb edir. Bu baxımdan, Qazaxıstan mövcud resurslarından və sənaye potensialından səmərəli istifadə etməli, imkanlarını və istehsal zəncirini ardıcıl olaraq inkişaf etdirməlidir”.

Qazaxıstan Prezidenti iclasın yekununda bu və digər məsələlərlə bağlı müvafiq qurumların rəhbərlərinə tapşırıqlar verib.