BAKI, 10 avqust. TELEQRAF
Cənubi Koreya və ABŞ Silahlı Qüvvələri avqustun 17-dən 27-dək hər il keçirilən genişmiqyaslı “Ulchi Freedom Shield” hərbi təlimləri keçirəcək.
Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreya Silahlı Qüvvələrinin Birləşmiş Qərargah Rəisləri Komitəsinin sözçüsü Çan Do Yon bildirib.
“Ulchi Freedom Shield” təlimləri hər il keçirilir və müdafiə xarakteri daşıyır. Təlimlərin ssenarisində real vəziyyətlər və döyüş hazırlığı metodlarının son təhlilinin nəticələri öz əksini tapıb. Bu təlimlər müttəfiqlər - Cənubi Koreya və ABŞ arasında birgə müdafiə qabiliyyətini, o cümlədən bütün sahələrdə birgə və ümumqoşun əməliyyatlarının həyata keçirilməsi imkanlarını gücləndirir. Təlimlər müharibə zamanı qoşunlara operativ komandanlıq səlahiyyətinin verilməsinə ardıcıl hazırlığa töhfə vermək üçün imkan yaradacaq”, - o deyib.
İkitərəfli razılaşmalara əsasən, Cənubi Koreya öz qoşunlarına yalnız sülh dövründə komandanlıq etmək hüququna malikdir.
Çan Do Yon əlavə edib ki, ABŞ və Cənubi Koreya 1950-1953-cü illər Koreya müharibəsindən sonra atəşkəsə nəzarət edən BMT Komandanlığının üzvü olan ölkələri də təlimlərə cəlb etməyi planlaşdırır. O qeyd edib ki, təlimlərin miqyası ötənilki səviyyədə olacaq və Cənubi Koreya manevrlərə təxminən 18 min hərbçi cəlb edəcək.
Müttəfiqlər bu il 14 belə təlim keçirməyi planlaşdırır. Ötən il onların sayı 39 olub.