BAKI, 3 avqust. TELEQRAF

Rusiya hakimiyyəti ölkə vətəndaşlarını Ukraynada müharibəyə cəlb etmək üçün getdikcə daha sərt üsullardan istifadə edir. Könüllü hərbi xidmətə cəlbetmə prosesinin zəifləməsi və ordunun cəbhədə təşəbbüsü itirməsi fonunda Rusiya hərbi xidmət yaşında olan kişiləri zorla orduya aparmağa başlayıb.

Teleqraf xəbər verir ki, bu barədə “The Wall Street Journal” (WSJ) məlumat yayıb.

Nəşr bildirib ki, Rusiyanın kiçik şəhərlərində hərbi komissarlıqların əməkdaşları kişiləri küçədə, iş yerlərinin yaxınlığında sənədlərin adi yoxlanılması bəhanəsi ilə saxlayırlar: “Çağırış məntəqələrində kişilər müqavilə imzalayıb müharibəyə getməyə razı olana qədər hədələnir və ya döyülürlər”.

Rusiyalı analitiklər və siyasətçilər arasında isə bu təzyiq kampaniyasının yeni səfərbərliyin xəbərçisi ola biləcəyi barədə fikirlər getdikcə tez-tez səslənir.

Rusiya hakimiyyəti orduya yazılmağa razı olan şəxslərə çox böyük məbləğdə pul vəd edir. Bir çox hallarda təklif olunan məbləğ ölkədə orta illik əməkhaqqından da yüksək olur. Ancaq Rusiya ordusunda baş verən sui-istifadələr və Ukrayna Silahlı Qüvvələrinin güclənməsi səbəbindən könüllü cəlbetmə çətinləşib. Nəşrin yazdığına görə, bu amillər cəbhədə əsgərlərin orta sağqalma müddətini bir neçə dəqiqə, gün və ya həftəyə qədər azaldıb.

Rəsmi olaraq hərbi xidmətə cəlbetmə hələ də könüllü əsasda aparılsa da, mənbə vurğulayıb ki, hüquq-mühafizə orqanlarının əməkdaşları bəzən hərbi komissarlıqlarla əməkdaşlıq edərək kişilər üçün tələlər qurur, onlara qarşı zorakılıq tətbiq edir və ya razılaşmadıqları təqdirdə həbs olunacaqları ilə hədələyirlər.

Bloqer Stanislav Morozov bildirib ki, söhbət etdiyi onlarla şəxsin əksəriyyəti hüquq-mühafizə orqanlarının əməkdaşlarının onların ciblərinə narkotik qoyacaqları və yerindəcə həbs edəcəkləri ilə hədələməsindən sonra müqavilə imzalamağa razılaşıb.

Rusiyanın müxtəlif regionlarında fəaliyyət göstərən proqramlar hərbi komissarlığa yeni şəxslərin gətirilməsinə görə pul mükafatı da təklif edir. Bir nəfərin cəlb edilməsinə görə 100 min rubl (təxminən 1300 ABŞ dolları) ödənilir. Bu cür proqramlar Tatarıstan, Amur və Yaroslavl vilayətlərində, həmçinin Kaluqa, Voronej və Arxangelsk şəhərlərində tətbiq olunur.

ABŞ rəsmiləri hesab edirlər ki, bu tədbirlər cəbhədə şəxsi heyətin sayını artırmağa kömək etsə də, bu, Rusiyanın ciddi irəliləyiş əldə etməsi üçün kifayət etmir. Onların sözlərinə görə, Kreml yeni məcburi səfərbərlik dalğasını nəzərdən keçirir və bu, cəbhəyə daha bir neçə min hərbçinin göndərilməsi ilə nəticələnə bilər. Ehtimal olunur ki, belə bir qərar sentyabrın 20-nə təyin olunmuş parlament seçkilərindən sonra qəbul edilə bilər.

Strateji və Texnologiyaların Təhlili Mərkəzinin direktoru Ruslan Puxov söyləyib ki, əgər Rusiya Prezidenti Vladimir Putin Donbasın tam ələ keçirilməsi ilə bağlı məqsədindən geri çəkilməsə, onun yeni səfərbərlik elan etməkdən başqa seçimi qalmaya bilər. Amma belə bir addımın siyasi risklərinin hərbi uğurları üstələyə biləcəyi də deyilir. Bəzi Rusiya vətəndaşları artıq mümkün yeni səfərbərliyə zor tətbiq etməklə müqavimət göstərəcəklərini bildiriblər.

“Əlimə silah verilən kimi məni səfərbər edənləri güllələyəcəm”, - potensial səfərbərlik siyahısına düşə biləcək 53 yaşlı ehtiyatda olan rusiyalı zabit Dmitri Roqin vurğulayıb.