BAKI, 7 iyul. TELEQRAF

Qırğızıstan Prezidenti Sadır Japarov ölkəsinin Pakistanı Cənubi Asiyada etibarlı və prioritet tərəfdaş hesab etdiyini bildirib.

Teleqraf xəbər verir ki, bunu Sadır Japarov Pakistan Prezidenti Asif Əli Zərdari ilə görüşü zamanı deyib.

Qırğızıstan lideri qeyd edib ki, Pakistanın beynəlxalq proseslərdə rolu getdikcə artır.

O, Pakistan rəhbərliyinin Yaxın Şərqdə gərginliyin azaldılması və danışıqlar prosesinin təşviqi istiqamətində həyata keçirdiyi siyasəti və səyləri yüksək qiymətləndirdiklərini bildirib:

"Bişkek bütün mübahisələrin yalnız siyasi-diplomatik yollarla, BMT Nizamnaməsi və beynəlxalq hüququn hamılıqla qəbul edilmiş prinsipləri əsasında həllini nəzərdə tutan təşəbbüsləri dəstəkləyir".

Qeyd edək ki, Pakistan Prezidenti Qırğızıstanda rəsmi səfərdədir.