BAKI, 3 iyul. TELEQRAF

Rusiyanın İkinci Qərb Dairə Hərbi Məhkəməsi RT telekanalının baş redaktoru Marqarita Simonyana qarşı sui-qəsd cəhdinə dair cinayət işi üzrə təqsirləndirilən şəxslərə 6 ildən 25 ilədək azadlıqdan məhrumetmə cəzası verib.

Teleqraf xəbər verir ki, bu barədə Rusiya mediası məlumat yayıb.

Ən ağır cəzanı avtomobil servisinin mexaniki Mixail Balaşov alıb. O, 25 il azadlıqdan məhrum edilib. Balaşov cəzanın ilk 4 ilini həbsxanada, qalan hissəsini isə ciddi rejimli cəzaçəkmə müəssisəsində keçirəcək. Bundan əlavə, ona 800 min rubl məbləğində cərimə və 2 il müddətinə azadlığın məhdudlaşdırılması cəzası təyin olunub.

Bundan əvvəl adam öldürməyə cəhdə görə məhkum olunmuş Yeqor Savelyev isə 15 il azadlıqdan məhrum edilib. Ona da 800 min rubl məbləğində cərimə də kəsilib.

Marqarita Simonyana qarşı sui-qəsd cəhdi ilə bağlı cinayət işi üzrə ümumilikdə 12 nəfər təqsirləndirilir. Onlardan bir neçəsi cinayət törədildiyi iddia olunan vaxt yetkinlik yaşına çatmadığından məhkəmə prosesi qapalı keçirilib.

Tərəflərin məhkəmə dindirilməsi zamanı dövlət ittihamçısı təqsirləndirilən şəxslərin 25 ilədək azadlıqdan məhrum edilməsini tələb etmişdi.