BAKI, 23 aprel. TELEQRAF
Ümumdünya Səhiyyə Təşkilatının (ÜST) baş direktoru Tedros Adhanom Qebreyesus Özbəkistanın birinci xanımı Ziroat Mirziyoyevanı “uşaq xərçəngi ilə mübarizədə lider” adlandırıb.
Teleqraf xəbər verir ki, açıqlama Daşkənddə Respublika Uşaq Onkologiya Mərkəzinə birgə səfər zamanı verilib.
ÜST rəhbəri Ziroat Mirziyoyevanın rəhbərlik etdiyi “Zamin” Fondunun fəaliyyətini yüksək qiymətləndirərək, onun uşaq onkologiyası sahəsində xidmətlərin modernləşdirilməsində əsas rol oynadığını vurğulayıb.
Qebreyesusun sözlərinə görə, Özbəkistanın Birinci xanımının rəhbərliyi altında fond tibbi infrastrukturun inkişafına və yalnız tibbi yardımı deyil, həm də təhsil və sosial dəstəyi əhatə edən kompleks yanaşmanın tətbiqinə töhfə verir.
Xüsusilə, müalicə zamanı uşaqların fasiləsiz təhsil almasını təmin edən “Mehrli Maktab” adlı xəstəxana məktəbləri şəbəkəsinin yaradılmasından söhbət gedir. Bu təşəbbüslər paytaxt Daşkənd və ölkənin digər bölgələrində həyata keçirilir.