BAKI, 20 aprel. TELEQRAF
“Çin Hörmüz boğazında normal və sərbəst naviqasiyanın təmin edilməsinin vacib olduğunu düşünür”.
Teleqraf xəbər verir ki, bunu Çin Sədri Si Cinpin Səudiyyə Ərəbistanı Baş naziri və vəliəhd şahzadə Məhəmməd bin Salmanla telefon danışığından sonra bildirib.
“Çin ABŞ və İran arasında atəşin və hərbi əməliyyatların dərhal və tamamilə dayandırılmasını müdafiə edir, sülhün bərpası üçün bütün səyləri dəstəkləyir və fikir ayrılıqlarının siyasi-diplomatik yollarla həllində israr edir. Həmçinin Hörmüz boğazının müntəzəm gəmiçilik üçün açılması region ölkələri və beynəlxalq ictimaiyyətin ortaq maraqlarına uyğundur”, - o bildirib.
Si Cinpin Pekinin region ölkələrinin mehriban qonşuluq münasibətlərini və inkişafını gücləndirmək, eləcə də təhlükəsizlik və əməkdaşlığı təmin etmək istəklərini dəstəklədiyini qeyd edib. Çin Sədri bu dövlətlərin öz gələcəyini öz əllərinə almalı və uzunmüddətli sabitlik və təhlükəsizliyi təşviq etməli olduqlarını vurğulayıb.