BAKI, 10 aprel. TELEQRAF
Qazaxıstan Prezidenti Kasım-Jomart Tokayev “Əl-Fərabi” ordeninin təsis edilməsini təklif edib.
Teleqraf xəbər verir ki, bu barədə o, ölkənin elm adamlarının mükafatlandırılması mərasimində bildirib.
“Qazaxıstan bozqırı bir çox dahi insanların vətəni olub. Onların arasında dünyaca məşhur mütəfəkkir Əl-Fərabi xüsusi yer tutur. Onun irsi bütün bəşəriyyətin qiymətli xəzinəsidir, mədəni düşüncənin zirvəsidir.
Bu baxımdan, “Əl-Fərabi” ordeninin ali dövlət mükafatları siyahısına daxil edilməsini zəruri hesab edirəm. Bu mükafat təhsil və elm, mədəniyyət və mənəvi sahələrdə böyük uğurlar qazanmış vətəndaşlara verilir”, - o qeyd edib.
Tokayev vurğulayıb ki, bu il ilk dəfə olaraq Respublika Günü ərəfəsində “Meyrim”, “Xoca Əhməd Yasəvi” və “Əl-Fərabi” ordenləri təqdim olunacaq.