BAKI, 13 mart. TELEQRAF

Qırğızıstan iqtisadiyyatı sabit artım nümayiş etdirir və əvvəllər müəyyən edilmiş proqnozları üstələməyə hazırdır.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan iqtisadiyyat və ticarət nazirinin müavini Çoro Seyitov bildirib.

2030-cu ilə qədər ölkədə ÜDM-ün həcminin 30 milyard dollar səviyyəsində olması planlaşdırılsa da, ilkin hesablamalara görə, bu rəqəm 31-32 milyard dollar ola bilər.

Müqayisə üçün: 2025-ci ildə ÜDM 2 trilyon soma çatıb, bu da 22,5 milyard dollara bərabərdir və adambaşına düşən göstərici 3 min dollar olub.

İqtisadi artım tempi əsasən tikinti sektoru, xidmətlər, sənaye və nəqliyyat hesabına 8,5 faiz səviyyəsində qalır.

Əsas kapitala investisiyalar enerji, səhiyyə və sosial mənzillərin kütləvi tikintisi sahələrində irimiqyaslı layihələr hesabına 18-20 faiz səviyyəsində artır.

İnflyasiyaya gəlincə, ötən il 9 faizi keçib. Bu il üçün hədəf 5,7 faizdir, amma proqnoz yenidən nəzərdən keçirilə bilər. Qiymətlərə həm xarici amillər (logistika, neft və şəkərin qlobal qiymətləri və s.), həm də daxili amillər (hava və əkin sahələri) təsir göstərir.