BAKI, 3 mart. TELEQRAF
Pakistanın Kəraçi şəhərindəki Amerika konsulluğunu qoruyan ABŞ dəniz piyadaları bazar günü etiraz aksiyası zamanı konsulluq binasına basqın etməyə cəhd edən etirazçılara atəş açıblar.
Teleqraf xəbər verir ki, bu barədə “Reuters” agentliyi ABŞ rəsmilərinə istinadla məlumat yayıb.
Qeyd edək ki, bundan əvvəl Kəraçidəki konsulluğa edilən hücum cəhdi zamanı 10 etirazçının öldüyü, 40-dan çox insanın xəstəxanaya yerləşdirildiyi bildirilmişdi. Mənbələr nəşrə bildiriblər ki, dəniz piyadalarının hərəkətlərinin etirazçıların ölümü və ya yaralanmasına səbəb olub-olmadığı hələ də məlum deyil.
Martın 1-də Pakistanda ABŞ və İsrailin İrana qarşı hərbi əməliyyatına qarşı keçirilən etiraz aksiyaları zamanı ən azı 25 nəfər həlak olub. İğtişaşlara cavab olaraq Pakistan hakimiyyəti bir neçə bölgədə komendant saatı tətbiq edib.