BAKI, 27 fevral. TELEQRAF
Pakistan Hərbi Hava Qüvvələrinə məxsus təyyarələr qonşu ölkənin ərazisindəki hərbi obyektlər zərbələr endirdikdən sonra Əfqanıstanın Qəndəhar vilayətinin səması üzərində patrul uçuşları həyata keçirir.
Teleqraf xəbər verir ki, bu barədə Pakistanın dövlət televiziya kanalı PTV məlumat yayıb.
“Pakistan Silahlı Qüvvələri istənilən təcavüzə tam hazırdır və layiqli cavab vermək imkanına malikdir”, - telekanalın təhlükəsizlik qurumlarındakı mənbələri bildiriblər.
Qeyd edilib ki, hava zərbələri nəticəsində Əfqanıstan qüvvələrinin bir sıra əsas mövqeləri tamamilə məhv edilib, bundan sonra Taliban hərbçiləri öz istehkamları üzərində ağ bayraqlar qaldırıblar.
Pakistanın informasiya naziri Ataullah Tarar bundan əvvəl bəyan edib ki, Hərbi Hava Qüvvələri Əfqanıstanın paytaxtı Kabil, Qəndəhar və Paktiya vilayətlərində hərbi obyektlərə zərbələr endirib. Onun sözlərinə görə, bir neçə briqada və korpus qərargahı, sursat anbarları və maddi-texniki təminat məntəqələri məhv edilib.
Xatırladaq ki, fevralın 26-da Pakistan-Əfqanıstan sərhədində münaqişə başlayıb. Kabil Əfqanıstanın Pakistanın son aviazərbələrinə cavab olaraq hərbi əməliyyat keçirdiyini bildirib. İslamabad isə cavab tədbirləri zamanı Pakistan qüvvələrinin 133-dən çox əfqan hərbçisini zərərsizləşdirdiyini və Əfqanıstanın təxminən 80 ədəd hərbi texnikasını məhv etdiyini açıqlayıb. Kabil isə Pakistan tərəfindən 40 nəfərin həlak olduğunu iddia edib.
Fevralın 22-də Pakistan hərbçiləri Əfqanıstanda “Təhriki-Taliban Pakistan” silahlı qruplaşması və İŞİD terror təşkilatının qanadı “Xorasan Vilayəti”nin mövqelərinə zərbələr endirib. Pakistan İnformasiya Nazirliyinin qeyd edib ki, Əfqanıstanla sərhəd bölgəsində keçirilən əməliyyat Pakistanda törədilən son terror aktlarına cavab olaraq həyata keçirilib. Kabil Pakistanın zərbələri “təcavüz aktı” adlandırıb və ölkənin “ərazi bütövlüyünün pozulmasına” qətiyyətli cavab vermək hüququnu özündə saxladığını bildirib.