BAKI, 23 fevral. TELEQRAF
Türkmənistan Xalq Məsləhətinin sədri Qurbanqulu Berdiməhəmmədov ABŞ-dən qayıdarkən Almaniyada dayanaraq Axal-təkə atlarının beynəlxalq yarışlarda iştirakı ilə bağlı iclas keçirib.
Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.
İştirakçılar Türkmənistan və xaricdə yarışların təşkilini müzakirə ediblər. Türkmənistanın Berlindəki səfiri Türkmənistan-Almaniya münasibətlərinin vəziyyəti və Axal-təkə cinsinin Avropada təbliği barədə məlumat verib.
Qurbanqulu Berdiməhəmmədov türkmən atlarının avqustda Axen şəhərində keçiriləcək Dünya Çempionatında, sentyabrda Hollandiya, Fransa və Böyük Britaniyada keçiriləcək beynəlxalq yarışlarda çıxış etmələrinin vacibliyini vurğulayıb.
Türkmənistan lideri iclasdan sonra Aşqabada qayıdıb.