BAKI, 22 fevral. TELEQRAF

Cənubi Koreya Yaponiyada "Takeşima Günü"nün qeyd edilməsinə sərt etirazını bildirib və rəsmi Tokionun mübahisəli Dokdo (Yaponiyada Takeşima adlanır) adaları üzərindəki iddialarını "əsassız" adlandırıb.

Teleqraf xəbər verir ki, bu barədə Cənubi Koreyanın Xarici İşlər Nazirliyi məlumat yayıb.

Məlumata görə, nazirlik Yaponiyanın Seuldakı baş diplomatını (səfirini) XİN-ə çağıraraq ona kəskin etirazını bildirib və sözügedən mərasimin dərhal ləğv olunmasını tələb edib.

Cənubi Koreya XİN-in bəyanatında qeyd olunub:

"Dokdo adası həm tarixi və coğrafi baxımdan, həm də beynəlxalq hüquqa əsasən açıq şəkildə Cənubi Koreyanın suveren ərazisinin ayrılmaz bir hissəsidir".

Rəsmi Seul, həmçinin Yaponiyanı bu cür əsassız iddialardan birdəfəlik əl çəkməyə və "tarixlə təvazökar şəkildə üzləşməyə" çağırıb.