BAKI, 20 fevral. TELEQRAF
Qırğızıstan rəhbərliyi qadınlar və uşaqlara qarşı törədilən cinayətlərə görə ömürlük azadlıqdan məhrumetmə cəzasının tətbiqini irəli sürüb.
Teleqraf xəbər verir ki, Prezident Administrasiyası ağır cinayətlərə görə ömürlük həbs cəzasının nəzərdə tutulduğu qanun layihəsini ictimai müzakirəyə çıxarıb.
Təklif olunur ki, pedofiliya və zorlama ilə müşayiət olunan qətllərə görə alternativsiz cəza tətbiq edilsin. Sənəddə həmçinin bu ittihamlarla təqsirli bilinərək məhkum olunan şəxslərin əmlakının məcburi müsadirəsi də nəzərdə tutulur.
Qeyd olunur ki, Cinayət Məcəlləsinə təklif edilən dəyişikliklər cəmiyyətin həssas kateqoriyalarının müdafiəsinin gücləndirilməsi ilə bağlı tələblərinə cavabdır.
Qanunun qəbul edilməsi yetkinlik yaşına çatmayanlara qarşı cinsi xarakterli cinayətlərə görə daha yüngül cəza təyin olunması imkanını istisna edəcək. Təşəbbüs dəstək qazanacağı halda, müvafiq maddələrlə məhkum olunan şəxslər cəzanın dəyişdirilməsi və ya saxlanma şəraitinin yüngülləşdirilməsi hüququnu itirəcəklər.
Qırğızıstan Prezidenti Sadır Japarov bundan əvvəl uşaqlar və qadınlara qarşı ağır cinayətlərə görə ölüm hökmünün bərpası təşəbbüsü ilə çıxış etmişdi. Buna səbəb 2025-ci il sentyabrın 27-də oğurlanaraq zorlanan və qətlə yetirilən 17 yaşlı Aysulu Mukaşevanın qətli olmuşdu. Faciəvi olay cəmiyyətdə geniş rezonans doğurmuşdu.