BAKI, 13 fevral. TELEQRAF
2025-ci ildə Özbəkistan gömrükçüləri sərhəd-keçid məntəqələrində 1,8 tondan çox narkotik, 1 tondan çox psixotrop maddə müsadirə ediblər.
Teleqraf xəbər verir ki, bu barədə Özbəkistan Dövlət Gömrük Komitəsinin rəsmi nümayəndəsi Farhod Olimjonov bildirib.
“Hər il ticarət dövriyyəsi və turistlərin sayı artır. Xüsusilə, 2024-cü ildə Özbəkistan sərhədini 4,5 milyondan çox nəqliyyat vasitəsi keçibsə, ötən il bu rəqəm 5,5 milyona çatıb. 2025-ci ildə gömrük qanunvericiliyinin pozulması ilə bağlı 40 mindən çox fakt aşkar edilib. Məsələn, böyük həcmdə dərmanın qanunsuz idxalı qeydə alınıb. Bundan əlavə, 1,8 ton narkotik, 1 ton psixotrop maddə və 150 kiloqramdan çox zərgərlik məmulatı müsadirə edilib”, - Olimjonov qeyd edib.