BAKI, 10 fevral. TELEQRAF
Qırğızıstan Prezidenti Sadır Japarov prezident və Joqorku Keneş seçkiləri haqqında qanuna dəyişikliyi nəzərdə tutan Konstitusiya qanununu imzalayıb.
Teleqraf xəbər verir ki, sənəd yetkinlik yaşına çatmayanların təşviqatda iştirakı qaydalarını dəqiqləşdirir və seçkiqabağı materiallara dair tələbləri sərtləşdirir.
Dəyişikliklərə əsasən, 22-ci maddədən 18 yaşdan aşağı şəxslərlə bağlı əvvəlki müddəa çıxarılıb, onun əvəzinə yeni bənd əlavə olunub. Bu bənd yetkinlik yaşına çatmayanlara təşviqat aparmağı, eləcə də təşviqat materiallarını yaymağı və ya buraxmağı birbaşa qadağan edir.
Yetkinlik yaşına çatmayanların seçicilərlə görüşlərdə iştirakı təşviqat fəaliyyəti ilə bağlı deyilsə, namizəd onların orada olmasına görə məsuliyyət daşımır.