BAKI, 23 yanvar. TELEQRAF

“BMT mövcud dünya nizamının reallıqlarını əks etdirməli və daha çevik olmalıdır”.

Teleqraf xəbər verir ki, bu barədə Qırğızıstan xarici işlər naziri Jenbek Kulubayev Bişkekdə xarici diplomatlarla görüşündə bildirib.

“BMT yenilənməlidir, daha çevik olmalı və formalaşmaqda olan dünya nizamının reallığını əks etdirməlidir. Amma islahat binanın sökülməsi demək deyil, onun təməlinin möhkəmləndirilməsi deməkdir”, - o vurğulayıb.

Kulubayev qeyd edib ki, hazırda bir çoxları beynəlxalq strukturları çevik olmamaqda tənqid edir, amma BMT ikinci baş katibi Daq Hammarşyöldün bu sözü də unudulmamalıdırb: “BMT insanlığı cənnətə aparmaq üçün yaradılmayıb, onu cəhənnəmdən xilas etmək üçün yaradılıb”.

Qırğızıstan XİN başçısının fikrincə, bu ifadə xüsusilə indi - müxtəlif bölgələrdə hərbi qarşıdurmalar, iqlim təhlükələri və yeni texnoloji risklər dövründə daha aktualdır.

Jenbek Kulubayev əlavə edib ki, dünya dərin dəyişikliklər dövrünə daxil olur və qlobal turbulensiya artıq gündəlik reallıqdır: “Deyə bilərik ki, mövcud beynəlxalq təhlükəsizlik sistemi möhkəmlik üzrə sınaqdan keçir”.