BAKI, 7 yanvar. TELEQRAF

ABŞ Prezidenti Donald Trampın administrasiyası viza müraciətində girov tələb olunan ölkələrin siyahısına yeddi dövlət əlavə edib.

Teleqraf xəbər verir ki, siyahıya Butan, Botsvana, Mərkəzi Afrika Respublikası, Qvineya, Qvineya-Bisau, Namibiya və Türkmənistan daxil olunub.

Dəyişikliklər yanvarın 1-dən qüvvəyə minib. Hazırda siyahıda ümumilikdə 13 ölkə var, əksəriyyəti Afrika dövlətidir.

Girovun məbləği 5 min dollardan 15 min dollara qədər dəyişir və xüsusi vəziyyətdən asılıdır. Girovun ödənilməsi viza verilməsini təmin etmir, amma viza rədd edilərsə, ödəniş geri qaytarılır.

Girov əsasında təsdiqlənmiş müraciətçilər ABŞ-yə yalnız üç beynəlxalq hava limanı vasitəsilə daxil ola bilərlər: Boston, Nyu-York və Vaşinqton.

ABŞ Dövlət Departamenti xarici vətəndaşlara girov müqabilində giriş vizası verilməsi üzrə pilot proqramı 2025-ci ilin avqust ayında başladıb. Proqram yalnız iş və turist vizaları və ABŞ-yə daxil olduqdan sonra icazə verilən müddəti qanunsuz olaraq aşan əhəmiyyətli sayda vətəndaşı olan ölkələrin vətəndaşlarına şamil edilir.