BAKI, 5 yanvar. TELEQRAF

“Xəzər Regionunun Nəqliyyat Logistikası” adlı V Beynəlxalq Forum 15-16 aprel tarixlərində Rusiyanın Həştərxan şəhərində keçiriləcək. Gündəliyə Şimal-Cənub dəhlizinin inkişafı və Xəzəryanı ölkələrin fəaliyyətlərinin əlaqələndirilməsi daxildir.

Teleqraf xəbər verir ki, bu barədə Türkmənistan KİV məlumat yayıb.

Forumda sərhədlərarası qarşılıqlı əlaqə, sənəd dövriyyəsi və Mərkəzi Asiya ölkələri ilə hesablaşmaların sadələşdirilməsi, eləcə də limanlar və dəmir yolu şəbəkəsinin tutumunun artırılması məsələlərinə xüsusi diqqət yetiriləcək.

Bildirilib ki, Türkmənistan üçün forumda iştirak praktik əhəmiyyət kəsb edir. Ölkə Türkmənbaşı beynəlxalq dəniz limanı və Şimal-Cənub dəhlizi çərçivəsində quru yollarının potensialını inkişaf etdirir. Xəzər tərəfdaşları ilə müzakirələr logistik həllərin sinxronlaşdırılması və tranzit potensialının gücləndirilməsinə imkan verəcək.