BAKI, 17 dekabr. TELEQRAF

“Qırğızıstanda seçkilərdə onlayn səsvermənin tətbiqi hələ tezdir”.

Teleqraf xəbər verir ki, bunu Qırğızıstan Prezidenti Sadır Japarov bu gün yeni parlamentin ilk iclasında bildirib.

Dövlət başçısı qeyd edib ki, növbədənkənar parlament seçkilərindən sonra onlayn səsvermənin tətbiqi imkanlarını müzakirə etmək üçün beynəlxalq missiyaların nümayəndələri ilə görüş keçirib. Amma o deyib ki, seçicilərin rüşvət alması ilə bağlı videogörüntülərə baxdıqdan sonra bu səsvermə formasının vəziyyəti daha da ağırlaşdıra biləcəyi məlum olub.

“Buna görə də, hesab edirik ki, bunu həyata keçirmək üçün hələ tezdir”, - prezident vurğulayıb.

Sadır Japarov seçici fəallığına toxunaraq söyləyib ki, açıq və şəffaf seçkilər üçün şərait yaradılsa da, vətəndaş fəallığı aşağı olaraq qalıb.

Qırğızıstan lideri vətəndaş iştirakçılığını artırmaq üçün məcburi tədbirlər və ya digər mexanizmlərin nəzərdən keçirilməsinin mümkünlüyünü istisna etməyib. Bu baxımdan, o, deputatlara yeni qanun layihəsinin irəli sürülməsini nəzərdən keçirməyi təklif edib.

“Bir sıra ölkələrdə seçkilərdə iştirak məcburidir. Məsələn, Türkiyədə belə bir qanun iştirak nisbəti artana qədər qüvvədə qalıb, Sinqapurda isə hələ də qüvvədədir. Uğurlu beynəlxalq təcrübəyə əsaslanmalı və onu xalqımızın mentalitetinə uyğunlaşdırmalıyıq”, - Sadır Japarov əlavə edib.