BAKI, 13 noyabr. TELEQRAF
Müstəqil Dövlətlər Birliyində (MDB) imzalanmış dövlətlərarası və hökumətlərarası müqavilələrin böyük əksəriyyəti daxili prosedurlar tamamlanmadığı üçün icra edilmir.
Teleqraf xəbər verir ki, bu barədə MDB baş katibinin birinci müavini İqor Petrışenko Düşənbədə keçirilən MDB Dövlətlərarası Parlament Assambleyasının Şurasının iclasında bildirib.
“Hazırda MDB-də möhkəm normativ-hüquqi baza formalaşıb. Amma müqavilələrin tam qüvvəyə minməsi üçün bir sıra daxili prosedurların həyata keçirilməsi vacibdir, - o qeyd edib.
Petrışenkonun sözlərinə görə, son beş il ərzində 38 beynəlxalq müqavilədən yalnız 25-i qüvvəyə minib:
“MDB-də ümumilikdə 555 dövlətlərarası və hökumətlərarası müqavilə qüvvədədir. Amma qeyd etmək lazımdır ki, imza atan tərəflərin yalnız təxminən 120 müqaviləyə əməl edir, bu isə 20 faizdən bir az çoxdur”.
Baş katibin müavini buna görə şuraya müraciət edərək imzalanmış beynəlxalq müqavilələrin icrası üçün zəruri daxili prosedurların həyata keçirilməsi və MDB orqanlarının qəbul etdiyi tədbirlərin milli qanunvericiliyə uyğunlaşdırılmasında kömək göstərmələrini xahiş edib. Onun fikrincə, bu, MDB ölkələrinin vətəndaşlarının rifah səviyyəsinin artırılması, təhlükəsizliyin möhkəmləndirilməsi və xalqların mənəvi inkişafına xidmət edəcək.
Qeyd edək ki, MDB şurasının iclası assambleyanın payız sessiyası çərçivəsində Düşənbədə keçirilib. İclasa Azərbaycan, Ermənistan, Belarus, Qazaxıstan, Qırğızıstan, Rusiya, Tacikistan və Özbəkistan, həmçinin bir sıra tərəfdaş təşkilatların nümayəndələri qatılır.