BAKI, 6 noyabr. TELEQRAF

Türkiyəyə verilən S-400 zenit-raket komplekslərinin Ukraynada davam edən müharibə ilə heç bir əlaqəsi yoxdur.

Teleqraf xəbər verir ki, bunu rusiyalı hərbi ekspert Aleksey Jivov deyib.

Ekspertin sözlərinə görə, sistemlər Türkiyəyə Ukraynada “xüsusi hərbi əməliyyat”ın başlanmasından əvvəl, Ankara ilə Moskva arasında hərbi əməkdaşlıq çərçivəsində satılıb.

“Bu sistemlər o dövrdə tədarük olunmuşdu ki, hələ Türkiyənin Rusiya silah sisteminə keçəcəyinə dair ümid vardı. İndi onlar döyüş növbətçiliyində qalırlar”, - Jivov bildirib.

O əlavə edib ki, Vaşinqton hazırda Ankaraya Rusiya texnikasından imtina etməsi üçün təzyiq göstərir: “Türkiyə müstəqil siyasət yürütməyə çalışır, çünki ABŞ istehsalı olan və S-400-ə alternativ kimi təqdim edilən “Patriot” sistemləri müharibə zamanı aşağı effektivlik nümayiş etdiriblər”.

“Bloomberg” bundan əvvəl yazmışdı ki, Türkiyə S-400 sistemlərindən tamamilə imtina etməyi planlaşdırmır, Rusiya və ABŞ hava hücumundan müdafiə sistemlərinin birgə istifadəsi variantını müzakirə edir.

Xatırladaq ki, Türkiyə 2017-ci ildə Rusiyadan 4 S-400 hava hücumundan müdafiə sistemi alıb. Müqavilənin dəyəri 2,5 milyard dollar təşkil edib. Türkiyə ilə Rusiya arasında S-400 komplekslərinin alışı barədə razılaşma imzalandıqdan sonra Ankara ABŞ-ın yeni nəsil F-35 qırıcılarının istehsalı proqramından kənarlaşdırılıb.